Helikopter qəzası: cavablar “qara qutu”dadır    

11:40 02.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

14 hərbçinin şəhid olması, daha iki hərbçimizin yaralanması ilə nəticələnən Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus “Mİ-17” hərbi helikopterinin qəzaya uğraması hadisəsi Azərbaycan ictimaiyyətini sarsıtmaqla yanaşı, böyük rezonans yaratdı. “Mİ-17”nin eniş edərkən qəzaya uğramasına səbəb nə idi? “Mİ-17”lər texniki olaraq nə dərəcədə qəzaya həssasdır?

Bu suallar indi hər kəsi düşündürür. Hadisənin təfərrüatları ilə bağlı aparılan istintaq hələ səbəbləri tam dəqiqləşdirmədiyi üçün sosial şəbəkələrdə bir sıra subyektiv iddialar ortaya atılır. Lakin dünən qəzada sağ qalan yaralı hərbiçilərimizin etirafları və mütəxəssislərin açıqlamaları qismən də olsa, helikopter qəzası ilə bağlı müəyyən təsəvvürün yaranmasına şərait yaratdı. Artıq Azərbaycan qəzada həlak olan 14 hərbi şəhidini dünən son mənzilə yola saldı...  

Şair Ramaldanov, hərbi ekspert:

- Hazırda istintaq gedir. Yaxın günlərdə “Mİ-17” helikopterinin qəzaya düşməsi səbəbini biləcəyik. Artıq “qara qutu”lar de-şifrə olunur. «Mİ-17» özünü həmişə etibarlı bir helikopter kimi göstərib və ən çox satılan hərbi-hava nəqliyyatından biridir. “Mİ-17” helikopterinin sərnişin tutumu 25 nəfərə qədərdir. Çoxsaylı dövlətlər o helikopterdən istifadə edir, o cümlədən də Azərbaycan. İstər helikopterlərin, istərsə də təyyarələrin istehsal və istismarı zamanı təhlükəsizlik tələbləri çox ciddidir. Texniki vəziyyət daim nəzarət altında saxlanılır. Verilən məlumatlara görə, qəzaya düşən helikopterdə də reqlamentə uyğun bütün texniki tələblər tam şəkildə yerinə yetirilib. Nasazlıq baxımından problemi olmayan bir helikopter olub. Ümumiyyətlə, “Mİ-17” helikopterinin havaya qalxmasına xüsusi icazə alınır.  Xüsusi icazəyə təyarrə və helikopterin tam uçuşuna məhdudiyyətin olmadığı halda verilir. Bu həm texniki, həm də təhlükəsizlik baxımından ciddi prosesdir. Uçuşdan sonra daim dispetçerlə əlaqə qurulur. Helikopterin saxlanılma yeri nəzarət altındadır, daim qorunur. İctimaiyyəti bir qədər diqqətli davranmağa dəvət edirəm. Cinayət işi qaldırılıb, mütəxəssislər bunun üzərində işləyirlər. Komissiya yaradılıb və məsələ Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezidentin şəxsi nəzarəti altında araşdırılır. “Qara qutu”lar açılıb istintaqa təqdim olunandan sonra bütün qaranlıq məsələlərə cavab tapılacaq. Hazırda hamımız, cəmiyyət olaraq şəhidlərin ailələrinin ətrafında olmalıyıq. Şəhdlər Xiyabanında dəfn mərasimində həddən artıq insan var idi. Bu da onu göstərir ki, Azərbaycan cəmiyyəti o ailələri tək qoymur. Hər bir yanlış versiya şəhidlərin yaxınların əsəblərinə və həssas məqamlara toxunan  amildir. Helikopterin köhnə olduğunu deyənlər yanılır. Azərbaycandakı helikopterlər Vətən müharibəsində də iştirak ediblər. “Mİ-17” helikopterini idarə edən heyət çox peşəkar olub. Onun komandiri 1-ci dərəcəli, respublikada ən təcrübəli pilot-polkovnik kimi I- II Qarabağ savaşında iştirak edib. Şəhidlərə Allahdan rəhmət, yaxınlarına da səbir diləyərək gözləməliyik.